ELM VƏ TƏHSİL
AMEA ilə İtaliyanın “Skaravatti Qrup” şirkəti pilot layihə həyata keçirəcək
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təcrübə-Sənaye Zavodunda (TSZ) “Skaravatti Qrup” şirkətinin prezidenti, London Kral Cəmiyyətinin üzvü, professor Rosi Skaravattinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının direktorları, o cümlədən müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssislər iştirak ediblər.
Görüşdə AMEA rəyasət heyəti aparatının innovasiya şöbəsinin müdiri Vüqar Babayev qeyd edib ki, əsas məqsəd iki qurum arasında əməkdaşlıq perspektivləri və birgə layihənin həyata keçirilməsinə dair müzakirələr aparmaqdır. O, “Skaravatti qrup”unun Zoologiya İnstitutu ilə əməkdaşlığını yüksək dəyərləndirib, onların təklif etdiyi yeni texnologiyanın həm AMEA-nın Yüksək Texnologiyalar Parkında, həm də digər müvafiq müəssisələrində tətbiq edilə biləcəyini söyləyib.
Sonra Zoologiya İnstitutunun direktoru Elman Yusifov 200 ildən çoxdur ki, fəaliyyət göstərən “Skaravatti Qrup” şirkətinin biologiya və landşaft dizaynı ilə məşğul olduğunu söyləyib. İtaliyanın Sardiniya adasında yerləşən qurumun həm elmi-texniki, həm də molekulyar genetik tədqiqatlar sahəsində mühüm nailiyyətləri olduğunu bildirən E.Yusifov Zoologiya İnstitutunun təxminən səkkiz ildir ki, bu təşkilatla əməkdaşlıq etdiyini də diqqətə çatdırıb.
Professor R.Skaravatti şirkət haqqında təqdimatla çıxış edib. Elmi texnologiyaların istehsalata tətbiqinin qurumun əsas fəaliyyət istiqamətlərindən olduğunu bildirən məruzəçi şirkətdə aparılan tədqiqatlar və həyata keçirilən layihələr barədə danışıb. O, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə əməkdaşlıq çərçivəsində görüləcək işlərdən söz açıb, bölmənin bütün institutlarını bu layihədə iştiraka dəvət edib. Bildirilib ki, yeni texnologiyanın Azərbaycanda da tətbiqini nəzərdə tutan pilot layihə çərçivəsində Genetik Ehtiyatlar İnstitutunun iştirakı ilə ölkədəki 15-dək yerli qoyun cinsinin yunları üzərində təcrübə aparılacaq. Zoologiya İnstitutunun mütəxəssisləri yunun biokimyəvi tərkibini öyrənəcəklər. Torpaqşünaslıq və Aqrokimya İnstitutu isə torpağın əvvəlki və son vəziyyətinə dair təhlillər aparacaq. Ən zərərli və çirkli ərazilərdən nümunələr götürülərək DNT analizi ediləcək.
Sonda iki qurum arasında əməkdaşlıq perspektivləri və pilot layihənin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.