ELM VƏ TƏHSİL


AMEA ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında memorandum imzalanıb

Bakı, 2 dekabr, X.Cəfərova, AZƏRTAC

Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu AMEA-nın prezidenti, akademik Akif Əlizadə və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.

Memorandumun məqsədi elmi nailiyyətlərin və yeniliklərin istehsalatın müxtəlif sahələrində tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətlərinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətlərini müəyyənləşdirməkdir.

A.Əlizadə memorandumdan irəli gələn məsələlər və görüləcək tədbirlər haqqında məlumat verib. Konfederasiya ilə əlaqələri yüksək dəyərləndirən akademik bildirib ki, bu əməkdaşlıq ölkədə innovativ iqtisadiyyatın dəstəklənməsi, elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

AMEA-nın biliklər iqtisadiyyatı quruculuğu istiqamətində islahatları davam etdirdiyini diqqətə çatdıran akademik A.Əlizadə əməkdaşlığın bu sahədə fəaliyyətə, texnoloji, elmtutumlu milli məhsulların istehsalına və ölkədə intellektual biznesin formalaşdırılmasına böyük töhfə verəcəyini əminliyini bildirib.

Sonra ASK-nın prezidenti Məmməd Musayev təşkilatın fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirilib ki, ASK Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verən, sahibkarların fəaliyyətini əlaqələndirən, hüquqi və iqtisadi mənafelərini müdafiə edən, onlara ölkədə və xaricdə tərəfdaşlar tapmağa kömək göstərən bir təşkilatdır. M.Musayev konfederasiyanın ölkənin yüksək iqtisadi səmərəliliyə nail olması, dünya iqtisadi sisteminə uğurlu inteqrasiyası üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirakını qeyd edib. ASK-nın sosial-iqtisadi yönümlü beynəlxalq təşkilatların üzvü olduğu, eləcə də respublikamızın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlıq etdiyi bildirilib.

Hazırda ölkədə elm sahəsinə yeni yanaşmanın formalaşdığını söyləyən M.Musayev AMEA ilə əməkdaşlığı elmlə biznesin birləşməsi baxımından mühüm addım kimi dəyərləndirib. Gələcəkdə elm-biznes sektorunun inkişafını təmin etmək üçün elm adamlarının sahibkarlarla birgə fəaliyyətinə böyük ehtiyac yarandığı vurğulanıb.

Tədbirdə məhsulların istehsalında elmi nailiyyətlərin tətbiqi, elmi-texniki xidmətlərin göstərilməsi, yüksəkixtisaslı kadr hazırlığında elm, təhsil və istehsalat arasında əlaqələrin möhkəmləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində AMEA ilə ASK-nın birgə inkişaf proqramlarının hazırlanması, sahibkarlığa dair konfederasiyanın təcrübəsinin öyrənilməsi və digər prioritetlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Müzakirə olunan məsələlər ətrafında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev, “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirov, “Neuron Technologies” MMC-nin direktoru İsmayıl Ələkbərov, AMEA rəyasət heyəti aparatının innovasiya şöbəsinin müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Qaşqay və başqaları çıxış edərək qurumlar arasında əməkdaşlığın elm və istehsalat münasibətlərinin uğurlu inkişafına nail olmaq baxımından əhəmiyyətini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.