İQTİSADİYYAT


AMEA-nın Akademik H.M.Abdullayev adına Fizika İnstitutunda keçirilmiş auditin nəticələri açıqlanıb

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2013-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M.Abdullayev adına Fizika İnstitutuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.M.Abdullayev adına Fizika İnstitutu AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin strukturuna aid olan 6 institutdan biridir. İnstitut dövlət büdcəsindən ayrılmış vəsaitləri 2013-cü ildə 99,4 faiz, 2014-cü ildə 97,4 faiz və 2015-ci ildə 97,6 faiz səviyyəsində icra edib, auditin əhatə etdiyi hər bir il üzrə AMEA tərəfindən institutun xərclər smetasında müvafiq qaydada bir neçə dəfə dəqiqləşdirmə aparılıb. Audit tədbiri ümumilikdə 11719,2 min manat məbləğində vəsaiti əhatə edib, Fizika İnstitutunun 2015-ci il üçün saxlanılması xərcləri 2013-cü illə müqayisədə 0,97 faiz çox, 2014-cü illə müqayisədə isə 1,15 faiz az olmaqla 3903,9 min manat təşkil edib.

Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması zamanı müəyyən edilmişdir ki, institut tərəfindən tarif dərəcələri düzgün tətbiq olunmayıb, Əmək Məcəlləsinin bəzi tələblərinə əməl edilməməsi nəticəsində işçilərə əlavə əmək haqqı ödənilib, keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə yerli iştirakçıların sayının çox göstərilməsi nəticəsində artıq büdcə vəsaiti xərclənib.

Auditlə əhatə olunan dövrdə altı elmi proqrama 1622,4 min manat vəsait sərf edilib, bu məbləğin 44,5 faizini əmək haqqı və 9,8 faizini sosial-sığorta xərcləri təşkil edib, 17,8 faizi malların (işlərin və xidmətlərin), 21,2 faizi əsas vəsaitlərin və 6,7 faizi proqram təminatının alınması ilə bağlı olub. Elmi proqramların araşdırılması zamanı bir halda internetə çıxışının təmin olunmaması səbəbindən proqramın daimi işlək vəziyyətdə olmadığı, proqram təminatının istifadəsinə xüsusi lisenziyanın tələb olunmadığı halda bu məqsədlə vəsait xərc edildiyi, eyni zamanda, elmi proqramlar üçün ayrılmış ezamiyyə xərclərinin digər işçilərin ezamiyyə xərclərinin ödənilməsinə yönəldildiyi müəyyən olunub.

Maliyyə hesabatlarının təhlili zamanı müəyyən edilib ki, institutun ehtiyatları əvvəlki dövr ilə müqayisədə 30,2 min manat və ya 15 faiz, əsas vəsaitləri 9449,5 min manat və ya 3 dəfə artıb, debitor borclar 7732,0 manat və ya 38 faiz, qısamüddətli kreditor borclar isə 2375,0 manat azalıb. Qeyd edilib ki, əsas vəsaitlərin artımı əvəzsiz verilmiş vəsaitlər hesabına olmuş, eyni zamanda gəlir vergisi və sosial sığorta haqqı üzrə ilin sonuna debitor borc yaranıb.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M.Abdullayev adına Fizika İnstitutu tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M.Abdullayev adına Fizika İnstitutuna göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə və aidiyyəti üzrə AMEA-ya məlumat verilib.

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.