ELM VƏ TƏHSİL
AMEA-nın Əlyazmalar İnstitutunda ərəbdilli əlyazmaların tədqiqi ilə bağlı mühüm işlər görülür
Bakı Avrasiya Universitetinin dəvəti ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Kral Abdullah adına Beynəlxalq Ərəb Dilinə Xidmət Mərkəzinin müşaviri, doktor İbrahim əbə Nəmi və Şahzadə Naif adına Araşdırma və Məsləhət Xidməti İnstitutunun direktor müavini, doktor Xalid əl-Xəran AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov institutun tarixi, əsas fəaliyyət istiqaməti, ərəbdilli əlyazmaların tədqiqi sahəsində görülən işlər barədə məlumat verib. O, institutda ərəbdilli əlyazmaların tədqiqi ilə bağlı üç istiqamətdə - əlyazmaların toplanması və mühafizəsi, kataloqlaşdırılması, tədqiqi və nəşri yönümdə böyük işlər görüldüyünü diqqətə çatdırıb. Direktor müavini institutun əməkdaşlığa, qabaqcıl təcrübəni öyrənmək və əldə etdiyi nailiyyətləri bölüşməyə hazır olduğunu qeyd edib.
Doktor İbrahim əbə Nəmi Bakıda belə bir institutun olduğundan məmnun olduğunu söyləyib.
Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Kamandar Şərifov institutda ərəbdilli əlyazmaların üçcildlik kataloqunun hazırlandığını qeyd edib. Şöbə müdiri ərəbdilli əsərlərin – dinşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq və başqa elm sahələrinə aid əlyazmaların müqayisəli tədqiqata cəlb edildiyini qonaqların nəzərinə çatdırıb.
Doktor Xalid əl-Xəran bir institutda eyni dildə 12 min əlyazmanın saxlanmasının sevindirici olduğunu və bunun əməkdaşlıq üçün əsas verdiyini vurğulayıb.