ELM VƏ TƏHSİL
AMEA-nın Aşqarlar Kimyası İnstitutunun bir qrup əməkdaşı “Əmək veteranı” adına layiq görülüb
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə institutda təşkil olunmuş tədbirdə həmin əməkdaşlara “Əmək veteranı” vəsiqələri təqdim edilib.
AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, AMEA-da bütün həyat və yaradıcılığını elmə həsr edən xeyli qocaman alimlər var. Onlardan bir qrupu Aşqarlar Kimyası İnstitutunda çalışırlar. İnstitut fəaliyyətə başladığı gündən indiyədək müəyyən çətinliklərə baxmayaraq, onlar fasiləsiz işləyib, təkcə Azərbaycan deyil, eləcə də dünya elminə mühüm töhfələr veriblər.
Akademik qeyd edib ki, AMEA rəhbərliyi hər zaman elmə xidmət edən alimlərə böyük diqqət göstərir. Alimlərimizin əmək veteranı adına layiq görülməsi bu diqqətin nəticəsidir.
İnstitutun veteranlar şurasının sədri Nüsrət Əliyev bildirib ki, tarixən AMEA-da uzun müddət fasiləsiz çalışan əməkdaşlara “Əmək veteranı” adı verilib. AMEA-nın yeni rəhbərliyi yenidən bu məsələni gündəmə gətirib. Akademiya üzrə əmək veteranlarının yığıncağı keçirilib, sədr və idarə heyəti seçilib. AMEA-nın institut və təşkilatları üzrə bir qrup əməkdaşa bu adın verilməsi qərara alınıb.
Sonda akademik V.Fərzəliyev institutda bu ada layiq görülən 33 əməkdaşa “Əmək veteranı” vəsiqələrini təqdim edib.