ELM VƏ TƏHSİL
AMEA-nın Botanika İnstitutu əməkdaşlarının iştirakı ilə ABŞ-da monoqrafiya nəşr olunub
Bakı, 21 noyabr, AZƏRTAC
“Qafqaz regionunun endem bitki növlərinin Qırmızı siyahısı” monoqrafiyası ABŞ-da ingilis dilində nəşr olunub.
AMEA Botanika İnstitutu elmi informasiya və innovasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nəşrdə Qafqaz üçün məlum 2 min 791 endem bitki növü arasından seçilmiş 1752 növün qorunma vəziyyətinin qiymətləndirilməsinin nəticələri verilib. 451 səhifədən ibarət monoqrafiyaya növlərin və landşaftların yüksək keyfiyyətli şəkilləri, həmçinin ətraflı coğrafi xəritələr daxil edilib. Çöl tədqiqatları, ədəbiyyat məlumatlarının təhlili və ekspertlərin təcrübəsi əsasında ilk dəfə olaraq Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı siyahısının kateqoriya və meyarlarına uyğun nadir və nəsli kəsilməkdə olan endem bitki növlərinin mühafizə statusu təyin edilib (IUCN-in birinci Qırmızı kitabına (Lucas, 1978) yalnız bir Qafqaz bitkisi (Iris winogradowii Fomin) daxil edilib).
Qeyd edilən monoqrafiya müvafiq layihə üzrə IUCN-in himayəsi altında CEFT-in (Ekosistemin Qorunması üzrə Əməkdaşlıq Fondu, ABŞ) dəstəyi və ABŞ-ın Missuri Botanika Bağının aparıcı mütəxəssislərinin rəhbərliyi ilə 6 Qafqaz ölkəsinin botaniklərinin fəaliyyəti nəticəsində hazırlanıb.
Bu dəyərli nəşrin Azərbaycan florasına həsr olunmuş hissəsinin müəllifləri qeyd edilən layihənin milli əlaqələndiricisi AMEA-nın müxbir üzvi Validə Əlizadə və Botanika İnstitutunun əməkdaşlarıdır. Layihə çərçivəsində AMEA Botanika İnstitutundan 5 iştirakçı kateqoriya və meyarlardan istifadə vasitəsilə məlumatların toplanması və region üzrə endem bitkilərin Qırmızı Siyahısının tərtib edilməsi prosesində İUCN-nin eksperti təyin olunublar. Məlumat bazasına Azərbaycanda yayılan Qafqaz endemlərindən 200-ü milli və 950-si Qafqaz endemi kimi daxil edilib.
Monoqrafiyada professional səviyyədə ilk dəfə olaraq Qafqaz regionu ölkələrində yayılan həm milli, həm də Qafqaz endemlərinin yeri, sayı, populyasiyalarının vəziyyəti, təhlükələri və yayılması barədə ətraflı məlumatlar verilib. Bu kitabın hazırlanmasında Qafqaz botaniklərinin əməkdaşlıq səyləri misilsizdir.
Qafqaz regionu üçün xüsusi Qırmızı Siyahının hazırlanması və nəşri yalnız bu regiona aid bitkilərin vəziyyətinə dair biliklərə olan böyük maraqla deyil, həmçinin bütün dünyada bitki müxtəlifliyinin davamlı azalması ilə bağlı olub. Kitaba yabanı təbiətdə yox olan (nəsli kəsilən) 5 növ, kritik vəziyyətdə olan 169 növ, nəsli kəsilməkdə olan 291 növ, həssas 272 növ, təhlükəyə yaxın olan 255 növ, az təhlükədə olan 242 növ, haqqında kifayət qədər məlumat olmayan 518 növ daxil edilib.