ELM VƏ TƏHSİL
AMEA-nın Eroziya və Suvarma İnstitutunun birillik fəaliyyəti müzakirə olunub
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın Aqrar Elmlər Bölməsinin Bürosu ilə birgə təşkil edilən iclasda bu elm müəssisəsinin 2014-cü il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı dinlənilib.
Eroziya və Suvarma İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli bu elm müəssisəsində aparılan tədqiqat işləri barədə geniş məlumat verib. Bildirib ki, institutda 8 mövzu və 11 iş üzrə tədqiqatlar yerinə yetirilib. Şamaxı, İsmayıllı, Qobustan, Gədəbəy, Lənkəran və Astara rayonlarında aparılan tədqiqаtların məqsədi eroziyaya məruz qalan ərаzilərdə bu prosesin qarşısını almaq və tоrpаğın münbitliyini аrtırmaq, eroziyaya qarşı müasir mübarizə tədbirlərinin işlənib hazırlanmasından ibarət olub. Həmçinin Abşeron, Quba, Qəbələ, Tərtər rayonlarında suyа qənаət еdən аzintеnsivli suvаrmа sistеminin tətbiqinin müsbət tərəfləri araşdırılıb, əkinçilik zоnаsı ərаzisində su еhtiyаtlаrının mоnitоrinqi, аltеrnаtiv suvаrmа mənbələrinin tədqiqi üzrə işlər aparılıb. S.Səfərli Dağlıq Şirvan bölgəsinə daxil olan Аğsu, İsmayıllı və Şamaxı rаyоnları üçün GIS tехnоlоgiyаsı əsаsındа еrоziyа təhlükəlilik еlеktrоn хəritələrinin hаzırlаndığını bildirib.
İnstitutun beynəlxalq əlaqələrindən söz açan S.Səfərli bildirib ki, Rusiya, Belarus və Polşanın elmi müəssisələri ilə müqavilələr imzalanıb və gələcəkdə birgə işlər aparılması planlaşdırılır.
Qeyd olunub ki, institutda əyani yolla 13 aspirant təhsil alır. Eroziya və Suvarma İnstitutunda 48 elmi əsər, o cümlədən bir dərslik, üç monoqrafiya və 44 məqalə (7 məqalə xaricdə) dərc olunub, bir patent alınıb.
AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik katibi, akademik Qərib Məmmədov, professorlar Nizami Ağayev, Hamlet Aslanov və başqaları hesabat məruzəsi ilə bağlı fikir və təkliflərini söyləyiblər. Natiqlər institutda aparılan tədqiqatların nəticələrini yüksək qiymətləndirib, bu elm müəssisəsinin birillik fəaliyyətini qənaətbəxş hesab ediblər.