ELM VƏ TƏHSİL
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası Müstəqil Dövlətlər Birliyində təmsil olunacaq
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası Müstəqil Dövlətlər Birliyinin (MDB) analoji qurumunda təmsil olunacaq.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov MDB ölkələrinin Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin üzvü seçilib.
Moskva şəhərində keçirilən tədbirdə rəhbərlik etdiyi qurumun elmi-ictimai fəaliyyəti haqqında məruzə edən F.Salmanov Gənc Alim və Mütəxəssislər Şurasının gələcək hədəflərinə uyğun olaraq MDB ölkələrində fəaliyyət göstərən analoji şuralarla əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd olunub ki, bu məqsədə çatmaq üçün yeni təsisat əlavə stimul kimi qiymətləndirilməlidir.
Məruzə iştirakçılar tərəfindən müsbət qarşılanıb. Azərbaycanla bu sahədə əməkdaşlığın perspektivləri digər ölkələrin nümayəndələri tərəfindən geniş müzakirə olunub.
MDB ölkələrinin Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin tərkibinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən seçkidə F.Salmanov idarə heyətinə üzv seçilib.