ELM VƏ TƏHSİL
AMEA-nın İctimai Elmlər Bölməsinin yarımillik hesabatı dinlənilib
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclasında bölmənin elmi-tədqiqat müəssisələrinin yarımillik hesabatları müzakirə olunub. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova hesabatların AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı əsasında hazırlandığını söyləyib. Qeyd edilib ki, hazırda İEB-in nəzdində səkkiz elmi-tədqiqat müəssisəsi, bir muzey fəaliyyət göstərir. Bölmə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üç problem şurasına kuratorluq edir.
Hesabat dövründə bölmənin elmi-tədqiqat müəssisələri tərəfindən iki beynəlxalq konfrans, bir beynəlxalq konqres və seminar, on respublika səviyyəli konfrans, həmçinin müxtəlif tədbirlər və kitab təqdimatları keçirilib. Alim 2017-ci il ərzində bölmə əməkdaşlarının 43 kitabının və 540 məqaləsinin nəşr edildiyini diqqətə çatdırıb.
N.Axundova hesabat dövründə bölmənin müəssisələri tərəfindən dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”, “Milli İqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”, “İslam Həmrəyliyi İli” və digər dövlət proqramlarına daxil olan tədbirlərin icra edildiyini bildirib.
Hesabat dinlənildikdən sonra təsdiq edilib.
Sonda bir sıra elmi təşkilati və kadr məsələlərinə baxılıb.