ELM VƏ TƏHSİL
AMEA-nın İctimai Elmlər Bölməsinin yarımillik hesabatı dinlənilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə elmi-tədqiqat müəssisələrinin yarımillik hesabatları müzakirə olunub.
İEB-nin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bölmənin fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, yarımillik hesabat dövründə İEB-in elmi müəssisələrində aparılan elmi-tədqiqat işləri Azərbaycan dövlətinin müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi, intellektual inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinin qorunmasına, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına və bu prosesdə maddi mənəvi dəyərlərinin qorunmasına istiqamətlənib. AMEA-nın ən böyük struktur bölməsi olan İEB-in nəzdində doqquz elmi-tədqiqat müəssisəsi və bir muzey fəaliyyət göstərir. Yeni yaranmış Elm Tarixi və Qafqazşünaslıq institutlarının strukturları təsdiqlənib.
2016-cı ildə bölmə əməkdaşlarının 43 kitabı (8-i xaricdə ), 573 məqaləsi (160-ı xaricdə) nəşr edilib. İmpakt faktorlu jurnallarda əməkdaşların on məqaləsi dərc olunub.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb.