ELM VƏ TƏHSİL
AMEA-nın Naxçıvan Bölməsi akademiyanın elmi müəssisələri ilə əməkdaşlığı genişləndirir
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri Vasif Talıbovla görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Vasif Talıbov AMEA-nın 70 illiyi münasibətilə akademiyanın rəhbərliyini, üzvlərini və bütün kollektivini təbrik edib. Azərbaycanda elmi cəmiyyətin inkişafında AMEA-nın müstəsna rolundan bəhs edən Naxçıvan MR-in Ali Məclisinin Sədri bu elmi qurumun cəmiyyətin sosial-iqtisadi tərəqqisinə böyük töhfələr verdiyini vurğulayıb.
Naxçıvan MR-da elm və təhsilin inkişafının, eləcə də elmi və ali təhsil müəssisələrində ixtisaslı kadrların hazırlanmasının daim diqqət mərkəzində olduğunu deyən Vasif Talıbov gənclərin elmə yiyələnmələri üçün bu müəssisələrin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunduğunu, elm və təhsil sahələrində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə əlaqələrin yaradıldığını qeyd edib. Vasif Talıbov son illər Naxçıvanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən, qədim şəhər mədəniyyətinə malik olan bu diyarın dinamik inkişafından, memarlıq sahəsində aparılan təmir-tikinti işlərindən söz açıb.
Sonra Vasif Talıbov AMEA-nın Naxçıvan Bölməsində bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və bunun uğurlu nəticələri olduğunu diqqətə çatdırıb. O, həmçinin elmi əsərlərin qiymətləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə onların mükafatlandırıldığını, elm, mədəniyyət, ədəbiyyat və memarlıq sahələrinə dair dəyərli əsərlərin dövlət hesabına çap edildiyini söyləyib.
Görüşdə AMEA Naxçıvan Bölməsinin akademiyanın digər elmi müəssisələri ilə yeni elmi istiqamətlərdə əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.
Akademik Akif Əlizadə AMEA-ya göstərdiyi xüsusi diqqətə görə Naxçıvan MR-in Ali Məclisinin Sədri Vasif Talıbova təşəkkür edib.
Sonda səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Vasif Talıbov akademik Akif Əlizadəyə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə medalını hədiyyə edib.