REGİONLAR
AMEA-nın Naxçıvan Bölməsində informasiya-kommunikasiya texnologiyaları otağı yaradılıb
Naxçıvan, 12 iyul, AZƏRTAC
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi bugünkü qloballaşma dövründə daha çox hiss olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Naxçıvan Bölməsində informasiya-kommunikasiya texnologiyaları otağının yaradılması münasibətilə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tərəfindən səsləndirilib.
Bölmədə yaradılan informasiya-kommunikasiya texnologiyaları otağının əhəmiyyətindən danışan İsmayıl Hacıyev qeyd edib ki, İKT-nin sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.
Bildirilib ki, AMEA-nın Naxçıvan Bölməsində bu yaxınlarda ilk dəfə olaraq onlayn şəkildə həyata keçirilən imtahanlar informasiya-kommunikasiya texnologiyaları otağında reallaşıb. Bundan sonra doktorantlar və dissertantlar artıq informatikadan minimum imtahanları üçün Bakıya getməyəcəklər. Naxçıvandan birbaşa olaraq onlayn şəkildə imtahanlarda iştirak edə biləcəklər.
Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək deyib ki, otaqda yaradılan şərait gənc alimləri uğurlu tədqiqatlar aparmağa ruhlandıracaq və onlar burada yaradılan canlı bağlantılar vasitəsilə gələcəkdə onlayn konfranslarda, iclaslarda da iştirak edə biləcəklər.
Sonda akademik İsmayıl Hacıyev yaradılan şərait üçün Ali Məclisin Sədri Vasif Talıbova muxtar respublikanın elmi ictimaiyyəti adından minnətdarlığını ifadə edib.