SİYASƏT
AMEA-nın Tarix İnstitutu “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi ilə əlaqədar iclas keçirib
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda xalqımızın tarixi taleyində mühüm rol oynamış “Əsrin müqaviləsi”nin imzalanması prosesində yaşanmış tarixi hadisələrin təhlilinə geniş yer verilib.
Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin “Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı” monoqrafiyasının təqdimatı keçirilib. Monoqrafiyada “Əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirən amillər, Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında danışıqlar prosesinin mərhələləri və tərəflərin mövqelərinin uzlaşdırılması sahəsində meydana çıxan problemlər, Azərbaycanın bölgədəki müxtəlif geosiyasi maraqların tarazlaşdırılması və öz mənafelərini qorumaq üçün göstərdiyi səylər, habelə müqavilənin əsas müddəaları sistemli şəkildə araşdırılır və təhlil olunur. Eyni zamanda, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın neft-qaz sənayesinə kapital axınının güclənməsi prosesi və imzalanmış digər müqavilələrin iqtisadi-siyasi cəhətləri, yeni texnologiyaların tətbiqi əsasında müasir infrastrukturun və şaxələndirilmiş neft ixracı sisteminin yaradılması, eləcə də bu sahədə xarici təzyiqlərin və çətinliklərin dəf olunması ilə bağlı hökumətin siyasəti ilk dəfə olaraq vahid elmi tədqiqat obyekti kimi hərtərəfli araşdırılır, görülən tədbirlərin ölkənin sosial-iqtisadi inkişafına və beynəlxalq mövqelərinə müsbət təsiri qiymətləndirilir.
Əsərdə ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nın bağlanması üçün apardığı olduqca gərgin, məqsədyönlü mübarizəyə xüsusi diqqət yetirilir, o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse–prezidenti olan dövlətimizin başçısı İlham Əliyevin ən mühüm dövlət tapşırıqlarını uğurla yerinə yetirməsindən geniş bəhs olunur.
İclasda çıxış edən Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin uzaqgörən düşüncəsinin məhsulu olan “Əsrin müqaviləsi”ni dünyanın neft diplomatiyası tarixində böyük dönüş, ağlasığmaz qələbə adlandırıb. Yaqub Mahmudov müqavilənin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, dünyaya tanıdılmasında çox mühüm addım olduğunu qeyd edib, Ərəstun Mehdiyevin “Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı” monoqrafiyasının əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra iclasda çıxış edən Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Milli Məclisin deputatı Fəzail İbrahimli Ərəstun Mehdiyevin “Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı” əsərinin elmi əhəmiyyətini, müqavilənin Azərbaycan xalqının gələcəyində oynadığı müsbət rolu qeyd ediblər.