ELM VƏ TƏHSİL
AMEA-nın Təcrübə-Sənaye Zavoduna İSO üzrə beynəlxalq sertifikatlar təqdim edilib
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycanda ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təcrübə-Sənaye Zavoduna (TSZ) inteqrə edilmiş idarəetmə sistemi standartları üzrə (İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007) yeni versiya olan beynəlxalq sertifikatlar təqdim edilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, son zamanlar TSZ-da fəaliyyət göstərən istehsalat proseslərinin beynəlxalq standartlarla tənzimlənən proseslərə inteqrasiyası zərurəti ortaya çıxmışdır. Bunu nəzərə alaraq, cari ilin yanvarında zavodda İSO 9001:2015, İSO 14001:2015 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələbləri əsasında keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi idarəetmə sistemlərindən ibarət olan İnteqrə edilmiş İdarəetmə Sisteminin tətbiqinə başlanılıb. Bu məqsədlə “Zygon Caspian Consultinq” şirkətinin məsləhətçilərinin iştirakı ilə nəzərdə tutulan tədbirlər planının yerinə yetirilməsi üçün TSZ-də genişmiqyaslı təlim proqramları, xüsusilə keyfiyyət, ətraf mühit və əməyin təhlükəsizliyi üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilib.
“Zygon Caspian Consultinq” şirkəti tərəfindən keçirilən audit yoxlamalarının nəticələrinə görə, TSZ-yə İSO 9001:2015, İSO 14001:2015 və OHSAS 18001:2007 beynəlxalq standartları üzrə sertifikatların verilməsi qərara alınıb. İyulun 20-də beynəlxalq sertifikat təntənəli şəkildə zavodun rəhbərliyinə təqdim olunub.
TSZ AMEA-da qeyd edilən beynəlxalq standartlar üzrə sertifikat alan ilk təşkilat olmaqla yanaşı, həm də Azərbaycanda İSO 9001:2015 beynəlxalq standartının yeni versiyası üzrə sertifikat alan birinci müəssisədir. Burada istehsal olunan məhsulların artıq beynəlxalq sertifikatlarla təsdiq edilmiş yüksək keyfiyyət standartlarına malik olması zavodun kollektivi qarşısında ciddi vəzifələr qoyub. Belə ki, sertifikatların əldə edilməsi AMEA-da elmin kommersiyalaşdırılması üzrə hədəflərə çatması üçün bazar mühitində önəmli perspektivlərə yol açır. Bu isə yaxın gələcəkdə Azərbaycan elminə əsaslanan məhsulların daxili bazarda payının artması ilə yanaşı, ixrac potensialı və rəqabət qabiliyyətinin də artırılması ilə nəticələnəcək.