ELM VƏ TƏHSİL
AMEA-nın Yüksək Texnologiyalar Parkı Sankt-Peterburq Texnoparkı ilə əməkdaşlıq edəcək
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) direktoru Vüqar Babayev Sankt-Peterburq Texnoparkında olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, texnoparkın baş direktoru Andrey Sokolov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Sankt-Peterburq Texnoparkı Rusiyada innovasiya ekosisteminin təkmilləşdirilməsi məqsədilə innovasiyayönümlü layihələri dəstəkləyir. Görüşdə hər iki texnopark arasında əməkdaşlığın əhəmiyyətindən danışılıb, bu sahəyə investisiya axınını genişləndirməyin vacibliyi vurğulanıb.
Sonra AMEA YTP-nin direktoru Vüqar Babayev və Sankt-Peterburq Texnoparkının baş direktoru Andrey Sokolov əməkdaşlığa dair memorandum imzalayıblar. Bildirilib ki, texnoparkların əməkdaşlığı kiçik və orta sahibkarlığın inkişafı üçün birgə proqramların həyata keçirilməsini əhatə edəcək. Sənədin imzalanmasında məqsəd birgə elmi-texniki proqramların, innovativ layihələrin həyata keçirilməsi, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsinin aparılmasıdır.