ELM VƏ TƏHSİL
AMEA-nın adlı mükafatları təqdim olunub
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları öz sahiblərinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, yığıncaqda AMEA-nın adlı mükafatları üzrə müsabiqənin rəyasət heyətinin 2016-cı il 17 fevral tarixli qərarı ilə elan edildiyi xatırladılıb. Bildirilib ki, rəyasət heyətinin son iclasında müsabiqənin nəticələri nəzərə alınmaqla alimlərin bu mükafata layiq görülmələri barədə qərar qəbul olunub.
Beləlikə, yarımkeçiricilərin zona strukturu və rəqs spektrlərinin hesablanması, darzolaqlı və Keyn spektrli yarımkeçiricilərin nəzəriyyəsinin yaradılması üzrə silsilə əsərlərinə görə akademik Firudin Haşımzadəyə AMEA-nın Nəsrəddin Tusi adına, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqi irsinin tədqiqində xidmətlərinə görə professor Firəngiz Əlizadəyə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, Azərbaycanda körpə və uşaqlarda ürək-damar sistemi xəstəliklərinin yayılmasının tədqiqi, kliniki xüsusiyyətlərinin aşkarlanması, terapevtik və cərrahi müalicə üsullarının sistemli tətbiqinə görə akademik Adilə Namazovaya AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatları verilib.
Azərbaycanın neft-qaz yataqlarından çıxarılan neftin tərkib və xassələrinin öyrənilməsi, yüksək keyfiyyətli baza yağlarının tədqiqi və istehsalatda tətbiqi sahəsində xidmətlərinə görə AMEA-nın müxbir üzvü Fəzilə Səmədova AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı, Azərbaycan ərazisində yer qabığının dərinlik quruluşunun geofiziki üsullarla öyrənilməsi sahəsində əldə etdiyi fundamental nəticələrə görə akademik Pərviz Məmmədov AMEA-nın akademik Musa Əliyev adına mükafatı, Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudov AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı ilə təltif olunublar.
Qeyd edək ki, AMEA-nın adlı mükafatlarına layiq görülmüş namizədlərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.