ELM VƏ TƏHSİL
AMEA-nın dünyanın nüfuzlu elmi informasiya bazalarında göstəriciləri artıb
Bakı, 11 mart, AZƏRTAC
Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri tərəfindən “Web of Science” bazasında işıq üzü görən 427 elmi əsərin 97 faizini məqalələr təşkil edir. Bu isə respublika üzrə “Web of Science” bazasına daxil olan elmi əsərlərin 56 faizi deməkdir. Bazaya daxil olan elmi əsərlərin 25,3 faizinin xarici ölkə alimləri ilə birgə nəşr olunması AMEA-nın beynəlxalq əlaqələrinin genişlənməsinin əsas göstəricilərindəndir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bunu akademiyanın Direktorları Şurasının növbəti iclasında AMEA-nın elm və təhsil idarəsinin elmi-analitik şöbəsinin rəisi Fail Kazımov deyib.
AMEA-nın “Web of Science”, “Scimago Journal & Country Rank” kimi dünyanın nüfuzlu elmi bazalarında əsas göstəriciləri, akademik sosial şəbəkələrdən istifadə vəziyyəti ilə bağlı çıxış edən F.Kazımov akademiyanın 2016-cı ildə “Web of Science” bazasında nəşr olunmuş elmi əsərləri, onlara istinadlar, bu bazada AMEA-nın respublikanın universitet və digər elmi tədqiqat müəssisələri, həmçinin xarici elmi qurumlarla birgə dərc edilmiş elmi əsərlər haqqında geniş məlumat verib. Vurğulanıb ki, AMEA “ScimagoInstitutionsRanking” bazasının araşdırmasına əsasən 5147 təşkilat arasında 672-ci, “RankingWeb of ResearchCenters” bazasının araşdırmasına görə isə 7953 təşkilat arasında 1872-ci yerdədir.