ELM VƏ TEXNOLOGİYA


AMEA-nın əməkdaşı BMT-nin İqtisadi və Sosial Komissiyasının iclaslarında çıxış edəcək

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev sentyabrın 20-dən 22-dək Qazaxıstanın Almatı şəhərində BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) iclaslarında iştirak edəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində UNESCAP-ın Biliklər İqtisadiyyatı və İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin hədəfləri üçün dayanıqlı informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə regional seminarı və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramın (SPECA) Tematik İşçi Qrupunun VIII sessiyasının bilik əsaslı inkişafa dair görüşü təşkil olunacaq.

Beynəlxalq tədbirlərin keçirilməsinin məqsədi İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin 2030-cu il üçün hədəfləri çərçivəsində qlobal şəbəkədə elektron dayanıqlılığın artırılması, İKT-nin fövqəladə hallar zamanı istifadəsinin daha səmərəli təşkili, təbii fəlakətlərin dövlətlər və biznes üzərində təsiri məsələlərinin müzakirəsidir.

Tədbirlərdə nümayəndələr ölkələrdə genişzolaqlı internet və təbii fəlakət risklərinin azaldılmasında İKT-nin roluna dair təqdimatlarla çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.