ELM VƏ TƏHSİL
AMEA-nın əməkdaşlarının monoqrafiyası Moskvanın “Nauçnıy mir” nəşriyyatında çap edilib
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları akademik Məhərrəm Məmmədyarov, kimya elmləri doktoru Fatma Əliyeva və kimya elmləri doktoru Hüseyn Qurbanovun “Sintetik sürtkü yağları (struktur və xassə)” adlı monoqrafiyası nüfuzlu xarici nəşriyyatlardan sayılan, Moskvanın “Nauçnıy mir” nəşriyyatında rus dilinə çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda yeni efir sürtkü yağlarının sintezi, onların əsasında kompozisiyaların yaradılması və xassələrinin tədqiqinə aid materiallar təhlil olunub. Sintetik yağlar sahəsində müəlliflərin elmi işləri bu istiqamətdə tədqiqat aparan xarici alimlər tərəfindən həmişə maraqla izlənilib.
Yeni nəşr universitetlərin kimya, kimya mühəndisliyi və digər uyğun ixtisaslarda təhsil alan tələbələri üçün dəyərli tədris vəsaitidir.
Kitab, həmçinin sürtkü yağları istehsalı ilə məşğul olan şirkət və müəssisələr üçün də faydalı mənbə ola bilər.