ELM VƏ TƏHSİL
AMEA-nın gənc alimi “Gənclər Akademiyalarının III Dünya Konfransı”nda məruzə ilə çıxış edib
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Seyfullayev Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən “Gənclər Akademiyalarının III Dünya Konfransı”nda iştirak edib.
Mərkəzi Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, “Sağlamlıq və inkişaf nöqteyi-nəzərindən Yer kürəsində urbanizasiya və elm siyasətinin buna təsiri” mövzusuna həsr olunmuş konfrans Dünya Gənclər Akademiyası və Cənubi Afrika Gənclər Akademiyasının təşkilatçılığı ilə keçirilib. Tədbirdə dünyanın 35-dən çox ölkəsindən 60-a yaxın gənc alim iştirak edib.
Tədbirdə gənclər akademiyalarının və gənc alimlərin BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri Proqramına verə biləcəkləri töhfələrdən danışılıb. Müzakirələr zamanı müxtəlif ölkələrdə fəaliyyət göstərən gənc alimlər şuraları arasında əlaqələri gücləndirmək, təcrübə mübadiləsi üçün mövcud imkanlar kimi məsələlərə də toxunulub.
Tədbirdə F.Seyfullayev AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.