ELM VƏ TƏHSİL
AMEA-nın gənc alimləri arasında müsabiqənin nəticələri açıqlanıb
“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimləri arasında elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC- a bildiriblər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə keçirilmiş müsabiqə neft-qaz və neft-kimya sahəsində fundamental, həmçinin tətbiqi tədqiqatlarda fəal olan gənc alimlərin elmi araşdırmalarını stimullaşdırmaq, onlara geniş imkanlar yaratmaq məqsədi daşıyır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış komissiyaya 27 gənc alim elmi nəticələrini təqdim edib.
Komissiya gənc tədqiqatçıların nailiyyətlərini ekspertizadan keçirərək qiymətləndirib.
Sonda 19 nəfər 3 kateqoriya üzrə mükafata layiq görülüb.
Müsabiqədə birinci, ikinci və üçüncü yerləri tutanlara müvafiq olaraq 3.000, 2.000 və 1000 manat pul mükafatı verilib.