ELM VƏ TƏHSİL
AMEA-nın gənc mütəxəssisi Londonda “Toxum mühafizəsinin metodları” kursunda iştirak edib
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun kiçik elmi işçisi Xanım Həsənova Böyük Britaniyanın Kyu Kral Botanika Bağı Minilliyin Toxum Bankının (MTB) Londonda təşkil etdiyi “Toxum mühafizəsinin metodları” mövzusunda növbəti treninqdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kurs təbiətin mühafizəsi və bitki biomüxtəlifliyinin qorunması məqsədilə təşkil olunub. Treninq bitki növlərinin “ex situ” mühafizəsinin müasir metodları kimi toxum bankının təşkili, onların qısa və uzunmüddətli saxlanılması, eyni zamanda, toxum kolleksiyalarının təmizlənməsi, qurudulması üsullarının nəzəri və praktik əsaslarının tədrisinə həsr edilib. Kurs zamanı toxum kolleksiyasının keyfiyyət tərkibini qiymətləndirmək üçün cücərmə testi və rentgen metodları üzrə praktik təlimlər keçirilib. İştirakçılara toxum mühafizəsinin müxtəlif mərhələlərində hansi tip informasiyanın toplanılması və bu informasiyanın BRAHMS məlumat bazasında yerləşdirilməsi, həmçinin toxum kolleksiyalarının qanuni və təhlükəsiz daşınması qaydaları öyrədilib.
Qeyd edək ki, 2013-cü ildən AMEA–nın Botanika İnstitutu ilə MTB arasında imzalanmış memoranduma əsasən “Qafqaz florasının mühafizəsi” proqramı çərçivəsində “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanılması” layihəsi həyata keçirilir. Azərbaycanın flora müxtəlifliyinin qorunması məqsədilə reallaşdırılan bu layihə çərçivəsində toplanmış nadir və endem bitkilərə aid toxumların bir hissəsi mühafizə üçün Botanika İnstitutunda saxlanılmaqla Minilliyin Toxum Bankına göndərilir.