ELM VƏ TƏHSİL


AMEA-nın genişləndirilmiş iclasında əsas elmi prioritetlər açıqlanıb

Bakı, 24 may, AZƏRTAC 

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın 41 yeni üzvünə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunan döş nişanı və vəsiqələri təqdim edib.

AMEA-nın prezidenti yeni üzvləri təbrik edib, onlara elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar arzulayıb, Azərbaycan elminin davamlı inkişafı naminə səfərbər olmağa çağırıb.

Sonra AMEA-nın magistrantları üçün təşkil olunan “Magistr-2017” müsabiqəsinin nəticələri açıqlanıb. A.Əlizadə tərəfindən müsabiqədə qalib gələn səkkiz magistranta diplomlar təqdim edilib.

Sonra AMEA-nın 2017-ci il 28 aprel tarixli ümumi yığıncağının qərarının icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə tərtib edilən Tədbirlər Planı müzakirə olunub. Akademiyada həyata keçirilməsi zəruri olan bir sıra məsələlər, o cümlədən planın icrası ilə bağlı tapşırıqlar verilib. AMEA-nın ümumi yığıncağının müvafiq qərarının icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Müasir Azərbaycan dilini necə bilirik? Problemin qoyuluşu və həlli yolları” mövzusunda məruzəsi maraqla dinlənilib. Məruzə ətrafında müzakirələr aparılıb, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna müvafiq tapşırıqlar verilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev AMEA-nın Rəyasət Heyətində Azərbaycan dili ilə bağlı məsələyə baxılmasını yüksək dəyərləndirib. Bildirib ki, dil məsələləri təkcə dilçi alimlərin inhisarında olmamalıdır. Bu məsələdə elmin müxtəlif sahələrində çalışan bütün alimlər öz sözlərini deməlidirlər. “Daxili nitqimizdə də biz müxtəlif dillərin təsirini hiss edə bilərik. Nitqimiz üçün məqbul, dilimiz üçün qeyri-məqbul sayacağımız halda bu vəziyyəti də başa düşməliyik. Bu sözlərin dilimizdən çıxarılması hansısa qanunla mümkün deyil. Dilin inkişafı, funksiyası, fəaliyyəti ancaq dilin daxili qayda-qanunları ilə baş verir. Ancaq nitqimizi özümüz düzəldə bilərik. Azərbaycan dilini heç kim istədiyi kimi dəyişə bilməz. Lakin bəzi sözlərin nitq səviyyəsindən dil səviyyəsinə keçməsinin qarşısını almaq vacibdir”.

İclasda bir sıra kadr və elmi-təşkilati məsələlərə, o cümlədən görkəmli alim və hərbi xadim, AMEA-nın fəxri üzvü Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı məsələyə baxılıb. Prezident İham Əliyevin alimin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamını xatırladan akademik A.Əlizadə bildirib ki, AMEA Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birgə Kərim Kərimovun 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı hazırlayıb.

Rəyasət Heyəti iclasda Sərəncamın icrası ilə əlaqədar müzakirə aparıb və Tədbirlər Planı qərarla təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.