ELM VƏ TƏHSİL
AMEA-nın iclasında Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyət üzrə hesabatlar dinlənilib
Bakı, 18 yanvar, P.İmanova, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun “Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Alim son illər yer elmlərinin müxtəlif istiqamətlər üzrə aparılan elmi tədqiqatlarının vəziyyəti və inkişaf perspektivləri, əldə edilən əsas elmi nəticələr barədə məlumat verib.
İclasda akademik Akif Əlizadə “AMEA-nın professoru” elmi adının təsis edilməsi barədə məlumat verib. AMEA prezidenti vurğulayıb ki, akademik professor elmi adı milli və beynəlxalq səviyyədə yüksək elmi nailiyyətlər əldə edən, uzun illər AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərən Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə təsis olunur.
Məsələ müzakirə olunduqdan sonra yeni elmi ad təsis edilib, onun Əsasnaməsinin hazırlanması üçün işçi qrup yaradılıb.
Tədbirdə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması və Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalı ilə bağlı məsələlər müzakirə edilib. Hər iki məsələ ilə bağlı rəyasət heyəti müvafiq qərarlar qəbul edib.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin AMEA-nın elmi müəssisə və təşkilatlarının Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyəti üzrə hesabatı dinlənilib. Bildirilib ki, ölkəmizdə informasiya cəmiyyətinin hazırkı mərhələsində “virtual Azərbaycan”ın formalaşdırılması qarşıya əsas məqsəd kimi qoyulub.
Müzakirələrdən sonra hesabat təsdiqlənib. Rəyasət heyəti Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, viki-qrupların fəaliyyətinin maddi-texniki təminatının gücləndirilməsi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Viki Mərkəzi tərəfindən akademiyanın elmi müəssisə və təşkilatlarında təşkil edilən təlim kurslarının davam etdirilməsi barədə tapşırıqlar verib.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.