ELM VƏ TƏHSİL
AMEA-nın ictimai-siyasi həyatında gənc alimlərin böyük rolu var
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu elm müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2 fevral – Gənclər Gününə həsr olunan iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edildiyini söyləyib. Gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışan Ə.Nəcəfov vurğulayıb ki, gənc alimlər elmi tədqiqatlara qoşulmaqla AMEA-nın ictimai-siyasi həyatında böyük rol oynayırlar.
Sonra GAMŞ-in sədri, filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayeva rəhbərlik etdiyi qurumun ötən ildəki fəaliyyəti barədə məlumat verib.
Əlyazmalar İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə AMEA-da yeni elmi nəslin yetişməsi, gənclərin inkişafı istiqamətində görülən işlərdən söz açıb. Gənclərin Azərbaycanın inkişafında böyük rol oynadıqlarını deyən K.Məmmədzadə bildirib ki, ötən il institutda təhsilin magistratura pilləsi üzrə ilk dəfə qəbul həyata keçirilib.
İnstitutun direktoru, akademik Teymur Kərimli və başqaları gənc alim və mütəxəssisləri təbrik edib, uğurlar arzulayıblar.