ELM VƏ TƏHSİL
AMEA-nın inkişafının böyük bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır
Bakı, 5 may, P.İmanova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, Ulu Öndərin siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyətindən danışıb.
AMEA-nın prezidenti bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunub. Akademik A.Əlizadə ümummilli lider Heydər Əliyevin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ideyalarının Azərbaycanın gələcək inkişafının qarantı olduğunu vurğulayıb.
A.Əlizadə AMEA-nın bugünkü fəaliyyətində də Ulu Öndərin böyük xidmətlərindən söz açıb. Bildirilib ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Yeni Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 47 il davam edən dövlətçilik siyasəti sayəsində ölkəmiz keçmiş Sovet dövrünün qabaqcıl ölkələrindən, müasir Azərbaycan isə dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib.
Akademik İ.Həbibbəyli bu dayanıqlı siyasətin bir neçə tarixi mərhələni əhatə etdiyini söyləyib. Qeyd edilib ki, görkəmli dövlət xadiminin yaratdığı bu siyasəti bir neçə aspektdən təhlil etmək olar. Lakin ən mühüm üç tarixi mərhələ var ki, ölkəmizin inkişafı məhz bu dövrlərə bağlıdır. Birinci mərhələ 1969-1982-ci illəri əhatə edir. Heydər Əliyev həmin vaxt hakimiyyətə gələndə Azərbaycanın adı keçmiş sovet respublikaları arasında sonuncu yerlərdə çəkilirdi. Məhz onun fəaliyyəti ölkəmizi həmin respublikalar sırasında üçüncü pilləyə yüksəldib. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Ulu Öndər ölkəmizi üzləşdiyi təhlükədən xilas edib. Müstəqillik illərində həyata keçirdiyi islahatlar, gördüyü mühüm işlər Azərbaycanın bütün sahələrdə inkişafı ilə nəticələnib. 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev isə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək bu inkişafa daha da təkan verib. Ümummilli Lider ölkə tarixində ilk dəfə azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsa da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlənib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Dövlət siyasətində azərbaycançılığın milli ideologiyaya çevrilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir.
Akademik İ.Həbibbəyli ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdiyini və bu siyasət sayəsində ölkəmizin çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdiyini, onu keyfiyyətcə yeni müstəviyə keçirdiyini bildirib.
Konfransda akademiklər Rafael Hüseynov, İradə Hüseynova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov “Heydər Əliyev və Azərbaycanda milli mədəniyyətin inkişafı”, “Heydər Əliyev və Azərbaycan təbiəti”, “Heydər Əliyev: Gənclik və müasirlik” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, onun ölkə mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən söz açılıb, Ulu Öndərin təbiətə münasibətinin onun azərbaycançılıq ideyasının tərkib hissəsi olduğu bildirilib.