ELM VƏ TƏHSİL
AMEA-nın rəyasət heyətinin növbəti iclasında mühüm qərarlar qəbul edilib
Bakı, 10 fevral, P.İmanova, G.Məlikova, AZƏRTAC
Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülmüş və seçim mərhələsində bilik və bacarıqlarına görə xüsusi fərqlənən bir qrup gənc əməkdaşa AMEA-nın fəxri fərmanını təqdim edib, gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin 2015-ci ilin yekunlarına dair hesabatları dinlənilib. Hər iki bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında ətraflı məlumat verilib.
Akademik A.Əlizadə “Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsis edilməsi ilə bağlı çıxış edib. Bildirilib ki, AMEA-nın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi üçün AMEA-da yeni qurumun - Alimlər Evinin yaradılmasına ehtiyac yaranıb. Bu məqsədlə AMEA-nın rəyasət heyətinin nəzdində “Alimlər Evi” MMC-nın təsis edilməsi qərara alınıb.
İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda keçiriləcək beynəlxalq konfrans barədə məlumat verib. Bildirilib ki, İslam dini ilə bağlı dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bu gün Azərbaycanda oynanılan “Çövkən”, “Padşah”, “Aşıq-aşıq”, “Pəhləvan”, “Cıdır” və digər oyunların başqa İslam ölkələrində də yayılması həmin xalqlarla bir sıra ortaq dəyərləri bölüşdüyümüzün bariz nümunəsidir. 2017-ci ildə Bakı şəhərində IV İslam Həmrəylik Oyunlarının təşkili ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdəndir.
Akademik İ.Həbibbəyli İslam coğrafiyasında oyun mədəniyyətinin araşdırılmasının elmi və ictimai-mədəni baxımdan vacib məqamlardan olduğunu söyləyib.
Rəyasət heyəti 2016-cı ilin iyun-iyul aylarında AMEA-nın Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə Bakıda “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq konfransın keçirilməsi ilə bağlı qərar qəbul edib.
Rəyasət heyətinin digər qərarı ilə Nizami adına Ədəbiyyat İnstitutunda təhsil şöbəsi yaradılıb. Akademik İ.Həbibbəyli vurğulayıb ki, magistratura üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, doktorant və dissertantların test proqramlarının tərtibi, imtahanların test üsulu ilə aparılması institutda təhsil şöbəsinin yaradılması zərurətini ortaya çıxarıb. Akademik bu şöbənin yaradılmasının elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantların, magistrlərin elmi fəaliyyətinin, təhsilinin, o cümlədən institutun ali məktəblərlə əlaqələrinin təşkili məqsədi daşıdığını bildirib.
Qeyd edilib ki, şöbənin fəaliyyətinə doktorant və dissertantların sənədlərinin qəbulu, referatların yazılması, ixtisas fənni üzrə qəbul imtahanları və minimum imtahanlar üçün testlərin hazırlanması daxildir.
İclasda humanitar və ictimai elmlər üzrə 2015-ci il Nobel mükafatı laureatları barədə məsələ də müzakirə olunub.