ELM VƏ TƏHSİL
AMEA-nın vitse-prezidenti Polşada keçirilən beynəlxalq elmi-texniki konfransda iştirak edir
Bakı, 19 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Polşada keçirilən “Neft-qaz yataqlarının axtarışı və istifadəsi – yeni texnologiyalar, yeni çağırışlar” (“Geopetrol-2014”) mövzusunda beynəlxalq elmi-texniki konfransda iştirak edir.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 15-də Zakopane şəhərində başlanmış tədbir Krakov şəhərində davam etdirilir.
Krakov Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda məqsəd neft-qaz sahəsində yeni istiqamətlərdə aparılan elmi tədqiqat nəticələrini təqdim etmək və müvafiq mövzularda müzakirələr aparmaqdır.
Tədbir Avropa İttifaqına daxil olan, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrinin müvafiq təşkilat və mütəxəssisləri arasında əməkdaşlığın daha da inkişafına xidmət edir.
Konfrans çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək, stendlər nümayiş etdiriləcək, sərgilər təşkil olunacaq.
Tədbir sentyabrın 21-də başa çatacaq.