ELM VƏ TƏHSİL
AMEA-nın vitse-prezidenti Rusiyada ezamiyyətdə olub
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiyanın paytaxtı Moskvada ezamiyyətdə olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əsas məqsəd Rusiya Federasiyasının Fundamental Tədqiqatlar Fondunda nəzərdə tutulan görüşlərdə iştirak etmək idi. Görüşdə yaxın gələcəkdə Rusiyanın Fundamental Tədqiqatlar Fondu, AMEA və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birgə üçtərəfli sazişin imzalanması qərara alınıb. Saziş çərçivəsində AMEA-da həyata keçirilən fundamental tədqiqatlar, o cümlədən bir sıra multidissiplinar elmi istiqamətlər üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Sazişin AMEA-nın yubileyi ərəfəsində imzalanması planlaşdırılıb.