ELM VƏ TƏHSİL
AMEA-nın yeni magistrantları ilə görüş keçirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda bu elmi qurumun prezidenti akademik Akif Əlizadə akademiyanın magistrləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, A.Əlizadə AMEA-da magistr təhsilinin təşkilinin əhəmiyyətindən danışıb, bunu elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Bildirib ki, akademiyada təhsil alan magistrantlar beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşə və fikir mübadiləsi apara biləcəklər. Həmçinin akademiyada onların elmlə məşğul olmaları üçün hər cür şərait yaradılıb.
Bu il AMEA-nın magistratura pilləsinə qəbulun nəticələrini açıqlayan A.Əlizadə qeyd edib ki, 19 ixtisas üzrə 56 nəfər akademiyanın magistrantı adını qazanıb. Onlardan 47-si qız, 9-u isə oğlandır. AMEA-nın magistr pilləsində təhsil almaq üçün cari il ümumilikdə 600-dən çox ərizə verilib.
Tədbirdə AMEA-nın elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov son illər ölkəmizdə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə akademiyada geniş islahatlar aparıldığını söyləyib. Vurğulanıb ki, AMEA-nın tarixində ilk dəfə ötən il akademiyada ali təhsilin magistratura pilləsi təşkil olunub və 2015/2016-cı tədris ili üçün magistraturaya 19 nəfər, 2016/2017-ci tədris ili üçün isə 19 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu da gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artdığının bariz nümunəsidir.
Sonra AMEA-nın magistrantı adını qazanmış gənclərə magistr biletləri, qiymət kitabçaları və hədiyyələr təqdim edilib.
Sonda çıxış edən magistrlər və onların valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.