ELM VƏ TƏHSİL
AMEA rəyasət heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bu qurumun prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun inteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Arif-Ala Mehdiyevin “Narkotik asılılığın korreksiyasının yeni immunokimyəvi üsulu” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığı üçün artıq tibbi problemdən sosial problemə çevrilib. İnsan şəxsiyyətinin deqradasiyasına gətirən narkotik asılılığın öyrənilməsi üzrə tədqiqatlardan söz açan alim qeyd edib ki, müxtəlif preparatların narkotik asılılığı olan heyvanlara yeridilməsi baş beyin strukturlarında serotoninin miqdarının kəskin artması ilə müşayiət edilir. A.Mehdiyev Fiziologiya İnstitutunda tədqiqatlar aparıldığını, alınmış nəticələrin gələcəkdə müxtəlif mənşəli narkotik maddələr vasitəsilə yaranan asılılığın korreksiyası məqsədilə tətbiq edilə biləcəyini vurğulayıb.
Məruzə ətrafında müzakirələr aparılıb, Fiziologiya İnstitutuna narkotik asılılığın korreksiyasının yeni üsulunun işlənməsi üzrə aparılan tədqiqatları genişləndirmək tapşırığı verilib.
Rəyasət heyətinin qərarı ilə mənzil məsələsi üzrə komissiya yaradılıb. Komissiyanın tərkibi təsdiqlənib.
Akademik A.Əlizadə son illər elmi fəaliyyət sahəsində həyata keçirilən çoxşaxəli islahatlar və elmin təbliği istiqamətindəki tədbirlər nəticəsində elmin nüfuzunun cəmiyyətdə yüksəldiyini deyib. Lakin bununla yanaşı, elmi fəaliyyətə münasibətdə bir sıra neqativ tendensiyaların da müşahidə olunduğunu vurğulayan akademik xüsusilə yalançı elmə marağın artdığını, elmi imitasiya tipli fəaliyyətin genişləndiyini söyləyib.
Rəyasət heyəti qeyd olunanları nəzərə alaraq yalançı elmi iddiaların əsl mahiyyətinin şərh edilməsi və ictimaiyyətə çatdırılması, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədilə komissiya yaradıb. Yalançı elmə qarşı mübarizə üzrə komissiyanın tərkibi təsdiqlənib.
İclasda bir sıra elmi təşkilati və kadr məsələlərinə də baxılıb.