ELM VƏ TƏHSİL
AMEA rəyasət heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
Bakı, 25 aprel, Pərvanə İmanova, AZƏRTAC
Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Müstəqillik dövründə Azərbaycanda dil siyasəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
M.Nağısoylu ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və qorunması sahəsindəki mühüm xidmətlərindən danışıb. Qeyd edilib ki, Ulu Öndər hər zaman dil siyasətinə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi yanaşıb. Hazırda ümummilli lider Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, dövlətimizin başçısının Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən dəyərli nümunələri latın qrafikası ilə yenidən nəşr olunub.
Alim Dilçilik İnstitutunda son dövrdə görülən işlər barədə məlumat verib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
İclasda bir sıra elmi-təşkilati məsələlərə baxılıb.
Akademik A.Əlizadə Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması (Nizami layihəsi) məsələsi ilə bağlı çıxış edib.
Sonra AMEA-nın yeni yaradılmış elmi tədqiqat müəssisələrinin strukturu məsələləri müzakirə olunub. Rəyasət heyətinin qərarı ilə Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Qafqazşünaslıq, Elm Tarixi institutlarının strukturu və işçilərinin say tərkibi təsdiqlənib.
İclasda “Elm və İnnovasiya” elmi-populyar proqramının təşkili barədə müzakirələr aparılıb. Akademik A.Əlizadə son illər AMEA-da həyata keçirilən islahatların tələblərinə uyğun olaraq, ictimaiyyətlə əlaqələr istiqamətində siyasətin tamamilə yenidən qurulduğunu bildirib. Alim ictimaiyyətlə elmi mühit arasında əlaqənin daha sıx və dinamik təşkili, alimlərin fəaliyyətinin kütləvi informasiya vasitələrində təbliği və əldə olunan elmi nailiyyətlərin elmi-populyar dildə çatdırılması məqsədilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “Elm və İnnovasiya” proqramının yaradılması zərurətindən danışıb.
Rəyasət heyəti biliklər iqtisadiyyatı şəraitində innovativ layihələrin müzakirəsi, tətbiqi perspektivləri, müxtəlif elm və texnologiya sahəsindəki yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağı artırmaq məqsədilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də "Elm və İnnovasiya" verilişinin təşkili ilə bağlı müvafiq qərar qəbul edib.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.