ELM VƏ TƏHSİL
AMEA və Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.
AMEA Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində elmi-texniki və innovativ sahələr üzrə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Memorandumu Macarıstan – Azərbaycan Biznes Forumu çərçivəsində AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri Vüqar Babayev və Macarıstan Milli İnnovasiya Ofisinin rəhbəri Endre Spaller imzalayıblar.
Sənəddə müvafiq sahələr üzrə layihələrin həyata keçirilməsi, alim və mütəxəssislərin qarşılıqlı mübadiləsi, birgə konfrans, simpozium, seminar və digər tədbirlərin təşkil olunması, elmi müəssisələr arasında texnologiyalar mübadiləsinin aparılması, həmçinin çoxtərəfli və regional elmi, texnoloji və inkişaf proqram və layihələrində iştirakın və əməkdaşlığın dəstəklənməsi nəzərdə tutulub.