ELM VƏ TƏHSİL


AMEA-ya məxsus 6 min 500-dək kompüter avadanlığı “AzScienceNet” şəbəkəsinə qoşulub

Bakı, 31 yanvar, Xatirə Cəfərova, AZƏRTAC

Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktik seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının “AzScienceNet”in xidmət və imkanlarından, o cümlədən Multimedia Qalereyasından daha səmərəli istifadəsinin təmin olunması məqsədilə keçirilən tədbirdə akademiyanın elmi-tədqiqat institut və təşkilatları, o cümlədən Təhsil Nazirliyinin ali təhsil və elmi müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları üzrə məsul şəxsləri iştirak ediblər.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, həmin konsepsiya və strategiyanın tədbirlər planında da “AzScienceNet” Elm-Kompüter Şəbəkəsinin (EKŞ) imkanlarının genişləndirilməsi məsələləri öz əksini tapıb.

Hazırda AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus 6 min 500-dək kompüter avadanlığının “AzScienceNet”ə qoşulduğunu bildirən R.Əliquliyev şəbəkə istifadəçilərinin 97 faizinin genişzolaqlı internetdən istifadə etdiyini vurğulayıb. Bildirib ki, bu, “AzScienceNet”in texniki imkanlarının genişləndirilməsi istiqamətində görülmüş işlər nəticəsində mümkün olub.

Diqqətə çatdırılıb ki, ötən il şəbəkənin xidmətlərinin sayının artırılmasına dəstək məqsədilə 26 elmi müəssisə və təşkilatı əhatə edən Akademiya şəhərciyində 4 minədək əməkdaşa genişzolaqlı internet xidməti göstərən, müasir telekommunikasiya avadanlığı və proqram təminatları ilə təchiz olunmuş “AzScienceNet”in yeni İnternet Xidmətləri Mərkəzi istifadəyə verilib.

R.Əliquliyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında “AzScienceNet”in böyük imkanlara malik olduğunu bildirərək AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. Onun sözlərinə görə, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də “AzScienceNet” və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib. Qeyd olunub ki, müasir dövrdə AMEA-nın elmi qurumlarında idarəetmə və aparılan elmi-tədqiqat işlərinin səmərəliyinin yüksəldilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üçün elmi fəaliyyətin informasiya kommunikasiya texnologıyalarının tətbiqi ilə yenidən qurulması aktual məsələlərdəndir. Bu baxımdan AMEA-nın institut və təşkilatlarının internet xidmətləri ilə dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirən “AzScienceNet” EKŞ böyük əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.