Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC U.BUŞA

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dövlətlərimiz və xalqlarımız üçün böyük əhəmiyyət kəsb edən əlamətdar hadisə - diplomatik münasibətlərin yaranmasının on illiyi ilə əlaqədar mənə göndərdiyiniz məktubunuza görə səmimi təşəkkürümü bildirir və bu münasibətlə bir daha Sizi və Amerika xalqını ürəkdən təbrik edirəm. Məktubunuzda Azərbaycana göstərdiyiniz diqqətə, onun fəaliyyətinə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı ifadə edirəm.

Bildirmək istəyirəm ki, mən Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı əlaqələrin bütün sahələrdə daha da genişlənməsinin və inkişaf etməsinin tərəfdarıyam və bu istiqamətdə mümkün olan bütün addımları atıram. Sizin qeyd etdiyiniz kimi, biz ölkələrimiz arasında regional təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar sahəsində birgə işləyərək, dövlətlərarası əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldırmaq əzmindəyik.

“Azadlığı Dəstək Aktı”na 907-ci düzəlişin ləğv olunması üçün göstərdiyiniz səylərə və əldə etdiyiniz müsbət nəticəyə görə məmnunam. Şübhə etmirəm ki, Siz əldə etdiyiniz səlahiyyətdən istifadə edərək, ölkələrimiz arasında indi xüsusi əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirərək dönməz edəcəksiniz.

Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilən dəhşətli terror aktları ilə əlaqədar dərhal bəyan etdiyimiz qəti mövqeyimiz ilə biz bir daha sübut etdik ki, sülh, azadlıq və təhlükəsizlik məsələlərində Azərbaycan Amerika Birləşmiş Ştatlarının etibarlı müttəfiqidir. Azərbaycanın Amerika Birləşmiş Ştatlarını həmişə dəstəkləyəcəyinə və terrorizmə qarşı mübarizədə bütün imkanlardan istifadə edəcəyinə əmin ola bilərsiniz.

Çox məmnunam ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ətrafında yaranmış vəziyyət Sizin diqqətinizdədir. Azərbaycanın ən ağır probleminin ədalətli və davamlı həllinə tezliklə nail olunması və münaqişənin tam aradan qaldırılması ilə bağlı mövqeyinizi xüsusilə yüksək qiymətləndirirəm.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, birgə səylərimiz nəticəsində tezliklə sülhə nail olacağıq, Azərbaycanın işğal edilmiş torpaqları azad olacaq və qaçqınlarımız doğma yurdlarına qayıdacaqlar.

İnanıram ki, ölkələrimiz arasında dostluq, hərtərəfli strateji əməkdaşlıq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyinə uyğun olaraq daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatları xalqına isə daim tərəqqi və çiçəklənmə arzulayıram.

Səmimiyyətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin