ELM VƏ TƏHSİL
AMERİKA JURNALİSTLƏRİ BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ OLMUŞLAR
Bakı Dövlət Universitetinin rektoru professor Abel Məhərrəmov Azərbaycanda səfərdə olan ABŞ jurnalistləri – “Vaşinqton tayms” qəzetinin beynəlxalq layihələr departamentinin direktoru Hala Nəsrəddin və bu nəşrin aparıcı müxbiri Ceyms Over ilə görüşmüşdür. Jurnalistlər ölkəmizə Azərbaycanın siyasi və iqtisadi vəziyyəti barədə silsilə materiallar hazırlamaq məqsədi ilə gəlmişlər. Onlar artıq qaçqınların çadır şəhərciyinə getmiş, erməni təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş adamların ağır vəziyyəti ilə tanış olmuşlar.
Professor Abel Məhərrəmov qonaqlara BDU-nun tarixindən danışmış, tələbələrin, habelə professor-müəllim heyəti barədə statistik məlumat vermişdir. O demişdir ki, universitetin məzunları elmin, iqtisadiyyatın müxtəlif sahələrində çalışır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Rektor vurğulamışdır ki, Azərbaycan Prezidenti Heydər Əliyev də bu universitetin məzunudur.
A.Məhərrəmov ölkənin aparıcı təhsil ocağının beynəlxalq əlaqələrinin genişlənməsindən danışaraq bildirmişdir ki, jurnalistlərlə görüşündən əvvəl o, Azərbaycan dilini dərindən öyrənmək üçün BDU-da 10 günlük staj keçmək məqsədi ilə Azərbaycana gəlmiş Berlin universiteti şərqşünaslıq fakultəsinin tələbələri ilə söhbət etmişdir. ABŞ Konqresi 907-ci düzəlişi qəbul edəndən bəri BDU ilk dəfə olaraq İndiana ştatının universiteti ilə birlikdə qrant proqramını həyata keçirməyə başlamışdır. Bu məqsədlə BDU-da amerikaşünaslıq mərkəzi yaradılmışdır. Azərbaycanlı tələbələr burada Amerikaınn tarixi, iqtisadiyyatı və mədəniyyəti barədə geniş məlumat ala bilərlər. Indiana universitetində isə azərbaycanşünaslıq mərkəzi yaradılmışdır. Abel Məhərrəmovun sözlərinə görə, o, bu mərkəzdə olarkən tələbələrin ölkəmizdəki vəziyyət haqqında dərin biliyə malik olduqlarının və Azərbaycan dilini yaxşı bildiklərinin şahidi olmuşdur.
Ceyms Overli demişdir ki, “Vaşinqton tayms” qəzeti rəhbərliyinin qərarı ilə Azərbaycan haqqında hazırlanan doğru-dürüst materiallar, sözsüz ki, ABŞ-dakı erməni lobbisinin cavab reaksiyasına və Amerika mətbuatında müxtəlif mənfi yazıların dərc edilməsinə səbəb olacaqlar.
BDU-nun rektoru Amerika jurnalistlərinin bir sıra suallarına cavab
vermişdir.
Sonra qonaqlar universitetin kompüter salonunda və amerikaşünaslıq mərkəzində olmuşlar.