SİYASƏT
AMERİKA YAZIÇISI VƏ HÜQUQŞÜNASI SAMUEL VİMS BAKIYA GƏLMİŞDİR
Amerika yazıçısı, hüquqşünası və jurnalisti Samuel Vims Azərbaycan paytaxtına gəlmişdir. Azərbaycan ictimaiyyəti onu erməni terrorizminin qaynaqlarından və köklərindən bəhs edən və bütün dünyada böyük əks-səda doğurmuş “Ermənistan: böyük yalan” kitabının müəllifi kimi tanıyır. Müəllif bu kitabında erməni kilsəsini erməni terrorizmi ilə bağlayan gizli əlaqələri tədqiq edir və açır. Xatırladaq ki, Samuel Vims bu əsərində amerikalı və britaniyalı tədqiqatçılarla yanaşı, erməni alimlərinin də tədqiqatlarına istinad etmişdir.
Əslən şotlandiyalı olan Samuel Vims ABŞ-da yaşayır, Amerika mətbuatında tez-tez çıxış edir və ABŞ-ın hüquq-mühafizə orqanlarında böyük iş təcrübəsinə malikdir. O, Bakıda bir neçə gün qalacaq, Azərbaycan alimləri və jurnalistləri ilə görüşlər keçirəcəkdir.