CƏMİYYƏT
ANAMA “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində seminar keçirib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) “Ərazilərin minalardan təmizlənməsi üzrə texnologiya və sistemlərin inkişaf perspektivləri, bu sahədə çalışan şirkətlərin iştirakı və rolu” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov “ANAMA tərəfindən aparılan əməliyyatlarda icra texnologiyalarının hazırkı vəziyyəti, inkişaf perspektivləri, gələcək əməliyyatlarda yeni üsul və avadanlıqların tətbiqi” mövzusunda təqdimatla çıxış edib.
Seminarda ANAMA-nın yaranma tarixi barədə məlumat verilib, mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları barədə məlumat verilib.
Bildirilib ki, 1998-ci il iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaradılması ölkəmizdə mina və partlamamış hərbi sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün agentlik ötən illərdə beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub. Hazırda ANAMA humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə-minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın mina təhlükəsinə dair maarifləndirmə (MTM) və minadan zərərçəkənlərə yardım (MZY) sahələrində də kifayət qədər təcrübəsi var. Hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.
Diqqətə çatdırılıb ki, agentlik MTM ilə bağlı fəaliyyətini əsasən 3 istiqamət – məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri üzrə aparır. MTM üzrə dərslər 26 rayonda 3635 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hazırda bu kurs 55 min şagirdi əhatə edir və növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Agentlik respublikanın bir neçə rayon və şəhərində mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarını həyata keçirir.
Vurğulanıb ki, hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.