CƏMİYYƏT
ANAMA Bakıda, Tərtər, Ağdam və Füzulidə aşkarlanan partlamamış hərbi sursatlar barədə hesabat yayıb
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 4-də agentlik tərəfindən Bakı şəhərində, Tərtər, Ağdam və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat təqdim edib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakının Nərimanov rayonunun İslam Abuşov küçəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri ilə birlikdə keçirilən əməliyyat tədbirləri nəticəsində 102 (8 ədəd 100 millimetrlik top mərmisi, 8 ədəd – 62 millimetrlik minaatan mərmi, 9 ədəd 122 millimetrlik top mərmisi, 7 ədəd 76 millimetrlik top mərmisi, 1 ədəd 120 millimetrlik minaatan mərmi, 1 ədəd 30 millimetrlik top mərmisi, 4 ədəd SPQ-9 raketi, 64 ədəd BM-6 tank mərmisi) müxtəlif çaplı mərmilər aşkar olunaraq götürülüb.
Tərtər rayonunun Qarağacı kəndində üç ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib. 6 min 600 kvadratmetr ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib. Hacıqərvənd kəndində 1 ev və həyətyanı sahəyə və 1 kənd orta məktəbinin həyətyanı sahəsində 2 partlayış yerinə baxış keçirilib. 5 min 400 kvadratmetr ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar olunmayıb. Qaynaq kəndində 1 ev və həyətyanı sahəyə, 1 partlayış yerinə baxış keçirilib. Bir ədəd 122 millimetrlik partlamamış top mərmisi aşkar edilərək götürülüb və 1000 kvadratmetr ərazi təmizlənib.
Tərtər şəhərinin Nizami küçəsində yerləşən ev 49 A, mənzil 44 ünvanında yerləşən binanın zirzəmisində 2 piyada əleyhinə POMZ-2 minaları aşkar edilərək götürülüb, 1000 kvadratmetr ərazi yoxlanılıb.
Füzuli rayonunun Alıxanlı kəndində dörd əkin sahəsində 8 partlayış yerinə baxış keçirilib. Dörd ədəd 125 millimetrlik tank mərmisi və 1 ədəd 120 millimetrlik minaatan mərmisi aşkar edilərək götürülüb və 430 kvadratmetr ərazi təmizlənib.
Ağdam rayonunun Əfətli kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib. Dörd min kvadratmetr ərazi təmizlənib və Qarqar çayı ilə axıb gəlmiş 1 piyada əleyhinə mina aşkar edilərək götürülüb. Çəmənli kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib. Bir ədəd 152 millimetrlik top mərmisi aşkar edilərək götürülüb, 1000 kvadratmetr ərazi təmizlənib.
Mayın 4-də agentlik tərəfindən 9 ev, 1 kənd orta məktəbi, 4 əkin sahəsi, 17 partlayış yeri yoxlanılıb. 109 ədəd (8 ədəd 100 millimetrlik top mərmisi, 8 ədəd –62 millimetrlik minaatan mərmi, 10 ədəd 122 millimetrlik top mərmisi, 7 ədəd 76 millimetrlik top mərmisi, 2 ədəd 120 millimetrlik minaatan mərmi, 1 ədəd 30 millimetrlik top mərmisi, 4 SPQ-9 raketi, 64 BM-6 tank mərmisi, 4 ədəd 125 millimetrlik tank mərmisi, 1 ədəd 152 millimetrlik top mərmisi) partlamamış hərbi sursat və 3 mina (2 piyada əleyhinə POMZ-2 və 1 piyada əleyhinə mina) aşkar edilərək götürülüb, 19 min 430 kvadratmetr ərazi təmizlənib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən mayın 4-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakıda 419 evə və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. 1413 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.