CƏMİYYƏT
ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Cocuq Mərcanlıda gün ərzində 42 min 100 kvadratmetr ərazi tam təmizlənib, 6 min 500 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.
Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.
Cocuq Mərcanlıda 17 gün ərzində doqquz ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 528 min 446 kvadratmetr ərazi tam təmizlənib, 163 min 400 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 3-dək ölkə üzrə, ümumilikdə, 7 528 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5 milyon 445 min 188 kvadratmetr ərazi yoxlanılıb.