CƏMİYYƏT


ANAMA: Siyəzəndə məişət tullantıları ərazisində sursat aşkarlanıb

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Siyəzən rayonunda aşkar olunmuş mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, mayın 29-da saat 11:53-də Fövqəladə Hallar Nazirliyi, Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinindən Agentliyə Siyəzən rayonunda məişət tullantıları ərazisində 3 ədəd minanın aşkar olunması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Saat 15:35-də Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, əməliyyat tətbirləri nəticəsində təlim məqsədli 3 ədəd tank əleyhinə mina (TM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-62), 5 ədəd əl qumbarası (2 ədəd F-1 və 3 ədəd RQD-5), 4 ədəd əl qumbarasının partladıcısı (UZRQM) və 95 ədəd 7.62 millimetrlik güllə aşkar edilərək götürülüb.

Təlim məqsədli minalar və digər hərbi sursatların aşkar olunduğu 3 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən ilin əvvəlindən indiyədək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Daşkəsən, Salyan, Siyəzən, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına, məişət tullantıları ərazisinə baxış keçirilib, 5 652 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 28 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 3 504 372 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.