CƏMİYYƏT
ANAMA Tərtər rayonunda 8 min kvadratmetr ərazini yoxlayıb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri iyunun 7-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı əsasında Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində pambıq sahəsində iki çalaya baxış keçiriblər.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, baxış nəticəsində iki metr dərinlikdən mina və partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 8 min kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən iyunun 7-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonlarında, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq, 11 əkin sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Nəticədə 5665 partlamamış hərbi sursat, tank əleyhinə 182 mina və piyada əleyhinə 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 3 milyon 811 min 922 kvadratmetr ərazi (654 min 94 kvadratmetr əl ilə, 1 milyon 328 min 440 kvadratmetr) mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlikölçən cihazı və 1 milyon 716 min 388 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.