CƏMİYYƏT
ANAMA aprelin 7-dək 28-dək 10 rayonda 1293 partlamamış hərbi sursat zərərsizləşdirib
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 28-də Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Yuxarı Qapanlı kəndində üç ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib. Partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 10 min 500 kvadratmetr ərazi yoxlanılıb. Qarağacı kəndində dörd ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib. Nəticədə 9 min 500 kvadratmetr ərazi yoxlanılıb və partlamamış hərbi sursat tapılmayıb. Buruc kəndində bir ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib. Nəticədə 1000 kvadratmetr ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar olunmayıb. Hacıqərvənd kəndində 1 ev və həyətyanı sahəyə baxış olub və partlamamış hərbi sursat aşkarlanmayıb.
Tərtər şəhərində bir ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib. Bir ədəd 122 millimetrlik “9M22U” raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib. Nəticədə 2 min 500 kvadratmetr ərazi yoxlanılıb.
Füzuli rayonunun Alıxanlı kəndində üç əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib. Nəticədə 470 kvadratmetr ərazi yoxlanılıb.
Ağdam rayonunun Çəmənli kəndində 1 partlayış yerinə baxış keçirilib. Nəticədə 1000 kvadratmetr ərazi yoxlanılıb. Şəfərli qəsəbəsində 1 partlayış yerinə baxış keçirilib. Nəticədə 1000 kvadratmetr ərazi yoxlanılıb.
Ağcabədi rayonunun Qaraxanlı kəndində iki ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib. Nəticədə 3 min kvadratmetr ərazi yoxlanılıb.
Aprelin 28-də agentlik tərəfindən 12 ev, 16 partlayış yeri, 1 ədəd 122 millimetrlik 9M22U raketinin motor hissəsi aşkarlanaraq zərərsizləşdirilib. Həmin gün ümumilikdə 28 min 970 kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dək 28-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 368 evə və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 5 fermaya, əkin sahələrinə və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. 1293 partlamamış hərbi sursat, 10 piyada əleyhinə və 6 tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.