CƏMİYYƏT
ANAMA cəbhə xəttinə yaxın evlərdə və partlayış yerlərində minatəmizləmə əməliyyatlarını davam etdirir
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 5-də Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Şıxarx kəndində iki ev və həyətyanı sahəyə, iki otlaq sahəsinə, ümumilikdə 4 partlayış yerinə baxış keçirilib, iki ədəd partlamamış hərbi sursat (1 ədəd 37 millimetrlik top mərmisi və 1 ədəd 122 millimetrlik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 19 000 kvadratmetr ərazi yoxlanılıb. Cəmilli kəndində bir əkin və bir otlaq sahəsində ümumilikdə 6 partlayış yerinə baxış keçirilib və iki ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 9 000 kvadratmetr ərazi yoxlanılıb.
Ağdam rayonunun Qaradağlı kəndində iki ev və həyətyanı sahə iki partlayış yerinə baxış keçirilmiş, bir ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) və bir ədəd 122 millimetrlik top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 1 500 kvadratmetr ərazi yoxlanılıb.
Füzuli rayonunun Horadiz şəhərində iki otlaq sahəsində iki partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1 140 kvadratmetr ərazi yoxlanılıb.
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində, Qar-Qar çayının sahilində bir ədəd TM-62M tank əleyhinə mina aşkar olunub, minanın daşınması mümkün olmadığı üçün iyunun 6-da yerində partladılması nəzərdə tutulur. Nəticə etibarilə aşkar olunmuş minanın ətrafındakı 3 000 kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyunun 5-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 577 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 498 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.