CƏMİYYƏT
ANAMA mütəxəssisləri tərəfindən iki rayonda ümumilikdə 8 min kvadratmetr ərazi yoxlanılıb
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 30-da bir əkin və bir otlaq sahəsində 4 partlayış yerinə baxış keçirib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edərək götürüb, nəticə etibarilə 8 000 kvadratmetr ərazini yoxlayıblar.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndidəki əkin sahələrinin birində 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kvadratmetr ərazi yoxlanılıb.
Tərtər rayonunun Çaylı kəndindəki bir otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 3 000 kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7–dən iyulun 30-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar və Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 641 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanasının ərazisinə baxış keçirilib, 3 467 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirirlər.