SİYASƏT
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 19-cu ildönümü tamam olur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Agentlik 1998-ci il iyulun 18-də fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə ANAMA-nın direktoru Qəzənfər Əhmədovun başçılığı ilə qurumun məsul əməkdaşları iyulun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn ANAMA-nın əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.