CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Cocuq Mərcanlıda 334 qəlpə, 2 raket gilizi aşkar ediblər
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri fevralın 25-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 14 evə və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçiriblər. Ümumilikdə 334 qəlpə, 73 millimetrlik “OQ-9” raketinin 2 gilizi aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkar olunmayıb. Nəticədə 77 min 165 kvadratmetr ərazi (48 min 15 kvadratmetr əl ilə, 14 min 700 kvadratmetr mexaniki üsulla və 14 min 450 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 22 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 81 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Altı partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832”, 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843” və 1 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket “PQ-7VL”) və 1 piyada əleyhinə mina “OZM-72” aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 616 min 224 kvadratmetr ərazi (314 min 124 kvadratmetr əl ilə, 136 min 500 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 52 min 600 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Yanvarın 1–dən fevralın 25-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 85 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1962 partlamamış hərbi sursat, 34 tank və 3 piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 646 min 318 kvadratmetr ərazi (344 min 218 kvadratmetr əl ilə, 136 min 500 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 52 min 600 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.