CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Lənkəranda tank əleyhinə dörd mina tapıblar
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri fevralın 27-də Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Lənkəran şəhərinin dəniz sahilində tank əleyhinə dörd mina (3 ədəd “TM-62M”, 1 ədəd TM-62P3”), bir partlamamış hərbi sursat (“MVÇ-62” partladıcısının gücləndiricisi) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə iki min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən fevralın 27-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 93 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1964 partlamamış hərbi sursat, 64 tank və 5 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 685 min 153 kvadratmetr ərazi (356 min 553 kvadratmetr əl ilə, 149 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 66 min 600 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.