CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Yasamal rayonunda minaatan mərmisi aşkar ediblər VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri paytaxtın Yasamal rayonundakı A.Şərifzadə küçəsində qazıntı işləri aparılan əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri ilə birgə baxış keçiriblər.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı 82 millimetrlik minaatan mərmisi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən götürülüb.
Aprelin 7-dən noyabrın 3-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub. Təmizləmə əməliyyatları nəticəsində 3947 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, iki “OZM-72”, iki “siqnal minası” və tank əleyhinə 42 mina aşkar olunaraq zərərsizləşdirilib.