CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Yevlaxda aşkar edilmiş qumbaranı zərərsizləşdiriblər VİDEO
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Yevlax rayonunun Aran qəsəbəsində Goran poliqonu adlanan əraziyə baxış keçiriblər. Aşkar edilmiş bir 40 millimetrlik silah qumbarası (VOQ-25PM) orada zərərsizləşdirilib. Üç min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən martın 27-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Cəmi 5001 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 257 min 209 kvadratmetr ərazi (475 min 670 kvadratmetr əl ilə, 341 min 200 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 327 min 339 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.